HADİSƏ

Ağstafada partlayış olub, ölənlər var

Kömür istehsalı prosesində baş verən partlayış nəticəsində 44 və 50 yaşlı iki kişi həyatını itirib.
Sputnik
BAKI, 22 aprel - Sputnik. Aprelin 22-si saat 21 radələrində Ağstafa rayonunun Vurğun qəsəbəsi ərazisində fəaliyyət göstərməyən köhnə heyvandarlıq fermasının ərazisində partlayış baş verməsi barədə məlumat daxil olub.
Ağstafa rayon prokurorluğunun yaydığı məlumata görə, ilkin araşdırma zamanı qeyd olunan ünvanda kömür istehsalı prosesində baş verən partlayış nəticəsində 1979-cu il təvəllüdlü Cəmil Əsgərov və 1973-cü il təvəllüdlü Asim Bayramovun ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq aparılır.
***
Ağstafa Rayon Polis Şöbəsinə rayonun Həsənsu kəndindəki kömür sexində 2 nəfərin ölümü ilə nəticələn partlayış baş verməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov APA-ya bildirib ki, dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı ölən şəxlərin Agstafa rayon Göycəli kənd sakinləri 1973-cü il təvəllüdlü Asim Bayramov və 1979-cu il təvəllüdlü Cəmil Əsgərov olması müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.