BAKI, 20 aprel — Sputnik. Dünyada neft qiymətləri ucuzlaşmaqda davam edir.
ABŞ-ın kommersiya neft ehtiyatlarının azalmasına baxmayaraq, neft qiymətləri ABŞ iqtisadiyyatının yavaşlaması ilə bağlı narahatlıqlar səbəbindən enişini davam etdirib.
London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,82 dollar azalaraq 82,3 dollar olub. Nyu-York birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,95 dollar ucuzlaşaraq 78,21 dollar təşkil edib.
Azərbaycan neftinin 1 barelinin qiyməti 1,33 faiz azalaraq 87,42 ABŞ dolları təşkil edib.
Neftin qiyməti son 4 gündə 3-cü dəfə ucuzlaşıb.
ABŞ iqtisadiyyatında son həftələrdə durğunluq müşahidə olunduğu bildirilib. Bu, enerji tələbatının daha da pisləşməsinə səbəb olur. Digər tərəfdən, dolların son bahalaşması əmtəələrə də mənfi təsir göstərir.
Ötən həftənin yekunlarına görə, ABŞ-da neft ehtiyatları 4 milyon 581 min barel azalaraq 465 milyon 968 min barel təşkil edib.
Bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 milyon 88 min barel azalacağını proqnozlaşdırırdı.
Xatırladaq ki, 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.