BAKI, 19 aprel — Sputnik. İlin birinci rübündə Azərbaycan 1 milyard dollara yaxın qeyri-neft ixracı həyata keçirib ki, bu da üç ay ərzində rekord göstəricidir. Belə ki, 2023-cü ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 faizdən çox artaraq 912,2 milyon dollara çatıb.
Yenə də elektrik enerjisi
İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanın qeyri-neft ixracının strukturunda elektrik enerjisinin payı 30%-i ötür.
İqtisadçı, eyni zamanda kənd təsərrüfatı məhsullarının ixracında da artım olduğunu qeyd edib. Məsələn, Azərbaycan iki il sonra yenidən Rusiyaya pomidor ixracında birinci yeri tutub.
"Qeyri-neft ixracında müsbət məqamlar var, lakin ümumilikdə neftdən asılılıqdan çıxdığımızı söyləmək hələ tezdir", - deyə Cəfərli yekunlaşdırıb.
Özəl sektor yenə iş başında deyil
İqtisadçı ekspert Xalid Kərimli hesab edir ki, qeyri-neft sektoru əsasən dövlət şirkətlərinin hesabına artıb, ona görə də özəl sahibkarlıq yenə də ixracın diversifikasiyası prosesinin iştirakçısına çevrilməyib.
İqtisadçı qeyd edib ki, buna baxmayaraq, digər sektorlarda qeyri-neft ixracında artım var, lakin bu, hələ də ölkənin potensialına uyğun gəlmir.
"Hazırkı rəqəmlər, əlbəttə ki, ümidvericidir, lakin Azərbaycanın potensialından çox uzaqdır. Mən deyərdim ki, biz qeyri-neft ixracatında mövcud potensialın 5%-dən belə istifadə etmirik. Qonşu ölkələrlə müqayisə etsək, biz onlarda çox geridəyik", - deyə Kərimli bildirib.
Ekspert hesab edir ki, Azərbaycan iqtisadiyyatını ixracyönümlü iqtisadiyyata çevirmək üçün bir sıra dəyişikliklər, o cümlədən Vergi Məcəlləsinə əlavələr etmək lazımdır.
Bu istiqamətdə işlərin kifayət qədər sürətlə aparılmadığını və hələ çox görülməli işlər olduğunu deyən Kərimli əlavə edib ki, bu sürətlə Azərbaycan iqtisadiyyatının neft və qaz ixracından asılılığını uzun illər ərzində azaltmaq mümkün olmayacaq.