QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Emin Hüseynov: "Suqovuşan, Hadrut, Tuğ və Ağdama köç ardıcıllıqla davam edəcək"

Həm Laçın şəhərində, həm rayonun Zabux və Sus kəndlərində, eyni zamanda, Füzuli şəhərində artıq bu ilin sonuna qədər köçmək üçün şərait yaranacaq.
Sputnik
BAKI, 17 aprel — Sputnik. Gələn ildən başlayaraq Suqovuşan (Tərtər), Hadrut və Tuğ (Xocavənd), eləcə də Ağdam şəhərinə və rayonun kəndlərinə köç ardıcıllıqla davam edəcək.
Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Şamaxıda keçirilən "İşğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyi" mövzusunda elmi-praktik konfransda bildirib.
"Artıq işğaldan azad edilmiş ərazilərdə olan iki kəndə məcburi köçkünlər qaytarılıb, onlar dədə-baba torpaqlarında yaşayırlar: "Bundan sonrakı dövrlərdə köçənlərin sayı daha da artacaq. Xüsusilə bizim gözləntimiz budur ki, həm Laçın şəhərində, həm rayonun Zabux və Sus kəndlərində, eyni zamanda, Füzuli şəhərində artıq bu ilin sonuna qədər köçmək üçün şərait yaranacaq", - deyə o qeyd edib.
"Köç həmin ərazilərdə yeni iş yerlərinin açılması məsələsini zəruri edir və bu gün Şamaxıda keçirilən konfransın bu baxımdan çox böyük önəmi var. Bu ildən etibarən 10 il ərzində Qarabağ və Şərqi Zəngəzurda xüsusi güzəştlər və təşviq rejimi mövcuddur", - deyə E.Hüseynov əlavə edib.