BAKI, 15 aprel - Sputnik. Mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatına son hazırlıqlarla bağlı mətbuat konfransı keçirilib.
Konfransda Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov və Dünya Taekvondo Federasiyasının nümayəndəsi Məhəmməd Şaaban iştirak ediblər.
Nağı Səfərov bildirib ki, budəfəki dünya çempionatı xüsusi önəm kəsb edəcək:
“Ölkəmizdə keçirilən bu çempionat Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Dünya Taekvondo Federasiyasının 50 illik yubileyinə təsadüf etdiyindən, bizim üçün xüsusi əhəmiyyət daşıyır. Yarışların təşkilində bütün texniki məsələlər nəzərdən keçirilib və hazırlıq işləri yüksək səviyyədə davam edir”.
Daha sonra Dünya Taekvondo Federasiyasının nümayəndəsi Məhəmməd Şaabana söz verilib. O, dünya çempionatının Azərbaycanda keçirilməsinin çox yaxşı hal olduğunu bildirib. Məhəmməd Şaabanın fikrincə, burada idmana xüsusi qayğı və maraq mövcuddur:
Bakıda təşkil ediləcək taekvondo üzrə dünya çempionatı ilə bağlı mətbuat konfransı keçirilib
© Photo : REPORT
“Azərbaycana təşəkkürümüzü bildiririk. Bu çempionatın olimpiya oyunlarından öncə keçirilməsi çox önəmli məsələdir. Çünki hakimlərin seçimi məhz Bakıda keçirilən çempionatdan sonra baş tutacaq. Yarış ərazisi ilə də tanış olduq, hər şeyi gözdən keçirdik. Hazırlıqlar planlaşdırıldığı kimi gedir. Qısası, işlər qaydasındadır”.
Konfransda mundialın promo video çarxı, eləcə də, rəsmi saytı təqdim olunub. Yenilənmiş sayt həm dizayn, həm də məzmun baxımından təkmilləşdirilib, ölkə taekvondosunun tarixi ilə bağlı məlumatlar zənginləşdirilib. İdmansevərlərin rahatlığını təmin etmək üçün müasir proqram təminatından istifadə olunub.
Bakıda təşkil ediləcək taekvondo üzrə dünya çempionatı ilə bağlı mətbuat konfransı keçirilib
© Photo : REPORT
Saytın yenilənməsində əsas məqsəd Bakıda ilk dəfə keçiriləcək dünya çempionatıdır. Yarışın gedişində sayt vasitəsilə döyüşlərin canlı yayımı və onlayn hesabların verilməsi nəzərdə tutulub. Həmçinin, gündəlik fotosessiyalar, maraqlı anların videosu paylaşılacaq.
Mundiala paytaxtımızın ev sahibliyi etmək hüququ bir il öncə verilib. Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərindəki inzibati binasında təşkil olunan və qurumun prezidenti Tomas Baxın qatıldığı yığıncaqda bu yarış üçün 3 ölkə namizədliyini versə də, səsvermə ilə Azərbaycan qalib gəlib.
Bakıda təşkil ediləcək taekvondo üzrə dünya çempionatı ilə bağlı mətbuat konfransı keçirilib
© Photo : REPORT
Düzdür, son anda Bolqarıstan istəyini geri götürüb. Nəticədə dünya çempionatını qəbul etməyə Azərbaycan və Çin iddia edib. Beynəlxalq qurum ölkəmizin bir sıra nüfuzlu yarışlara, taekvondo üzrə isə Avropa çempionatı, Qran Pri, olimpiadaya lisenziya xarakterli təsnifat turnirlərinə uğurla ev sahibliyi etməsini nəzərə alaraq, dünya çempionatını bizə həvalə edib. Mundial Bakı Kristal Zalında keçiriləcək.
Sayca 26-cı dəfə təşkil olunacaq yarış Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən, yubiley Azərbaycanda qeyd olunacaq. Bu səbəbdən də mundial əvvəlkilərdən fərqlənəcək və paytaxta 3000-dək qonağın gəlişi gözlənilir.
Dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda olacaq. Ölkəmiz mundialı qəbul edəcək Avropa ölkələri arasında isə Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra 7-ci kimi tarixə düşəcək.
(Report)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.