Uşaqlara 18+ material nə üçün təqdim olunur? - Div ilə nənənin "sərgüzəştləri" barədə

Ekspertin qənaətinə görə, tədrisə yararsız əyani vəsaitlərin məktəblərə ayaq açmasında ikili maraq özünü göstərir - bəzən "geydirmə" vəsaitlərin müəllifləri direktorla əlbir olurlar ki, daha çox kitab satsınlar. Bu barədə Sputnik Azərbaycan-ın materialında.
Sputnik
BAKI, 13 aprel — Sputnik. Son günlər ibtidai siniflər üçün sinifənxaric oxu kimi nəzərdə tutulan - nənə ilə divin hekayəsi cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, hekayədə divin evə gizlin–gizlin girdiyi, nənənin onunla görüşdüyü və bir ildən sonra ondna oğlunun olması haqda məlumat əksini tapıb.
Bu hekayə ibtidai siniflər üçün sinifdənxaric oxu vəsaiti kimi təqdim olunan "Azərbaycan Nağılları”da yer alıb. Ekspertlər də bu material dərsliklərə aid olmadığını təsdiqləyir.
Ümumiyyətlə, maraqlıdır dərslik və dərsdənkənar əlavə oxu materiallarına necə nəzarət edilir?
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçısı Elmin Nuri Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qeyri-etik ifadələr, jarqon sözlər Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənən, qəbul olunan dərsliklərdə yer almır:
Elmin Nuri

“Yəni bu dərsliklərdə 18+ ifadələr o qədər də gözə dəymir. Lakin təəssüflə qeyd edim ki, xüsusən də ibtidai siniflərdə bəzən müəllimlər dərsə “rəng” qatmaq üçün əlavə oxu vəsaitlərinə keçirlər. Hansı ki, bu əlavə vəsaitlər nazirlik tərəfindən də müsbət qarşılanmayıb, müsbət rəy verilməyib. Bu vəsaitlər diqqətdən kənar qaldığı üçün xətalarla dolu olur. Lakin təəssüflər olsun ki, bəzən bu kitablar uşaqalara satılır, məcbur edilir ki, onlar bu kitabları alsınlar”.

"Göyçək Fatma" nağılı, arxiv şəkli
Ekspert bildirir ki, vəziyyətlə mübarizə aparmaq üçün ETN bu məsələni birbaşa nəzarətə götürməli, orta məktəblərdə nəzarəti gücləndirməlidir ki, bu cür vəsaitlər məktəblərə yol açmasın:

"Çünki burada ikili maraq özünü göstərir. Bəzən "geydirmə" vəsaitlərin müəllifləri direktorla əlbir olurlar ki, daha çox kitab satıb, əlavə faiz əldə etsinlər. Bəlkə də buna görə belə kitablara “maraq” yaranır”, - deyə ekspert bildirib.

Təhsil üzrə digər ekspert Elçin Əfəndiyev Sputnik Azərbayan-a açıqlamasında bildirib ki, dərsdənkənar oxu üçün nəzərdə tutulan kitablar yazılarkən içində nəyin yazıldığı, hansı informasiyaların ötürüldüyü təəssüf ki, nəzərə alınmır:

“Ümumiyyətlə, Nazirlər Kabinetinin qərarına əsasən dərsliklər, sinifdənxaric oxuların hazırlanması zamanı uşaqların yaş psixologiyası, oradakı informasiyaların dəqiqliyi, kitabın həcmi və sair məqamlar nəzərə alınmalıdır. Əslində bütün bunlara da nəzarət edəcək qurum olmalıdır. Yəni düşünürəm ki, dərsliklərdən əlavə, digər vəsaitlərə də nəzarət olmalıdır. Yaxşı olar ki, öncə müəllim özü sinifdənxaric oxu üçün məsləhət bildiyi hekayəni oxusun, tanış olsun. Çünki əks halda hekayə şagird üçün zərərli ola bilər”.

“Həmin kitabda əks olunan mətnlə tanış oldum, buradakı informasiya uşaqların yaş psixologiyasına uyğun deyil”, - deyə ekspert müzakirələrə səbəb olmuş video barədə fikrini bildirib.
Təhsil üzrə digər ekspert Kamran Əsədov isə Sputnik Azərbayan-a açıqlamasında bildirib ki, məqsəd və mahiyyətindən asılı olmayaraq, dərsliklərdə, uşaqlar üçün nəzərdə tutulan kitablarda jarqon ifadələr, küçə sözləri işlədilə bilməz:

“Bu, şagirdlərə çox pis nümunə ola bilər. Kitabda əxlaqsız ifadələrin, şəkillərin olması yolverilməzdir. Bu, xalqa qarşı cinayətdir. Bu, əxlaqsızlığı təbliğ etməkdir. Təhsil haqqında qanunda nəzərdə tutulur ki, orta məktəb şəxsiyyət yetişdirir, bu səbəbdən kitablar da milli dövlətçilik və dəyərlərə sadiq olan vətəndaşların yetişdirilməsinə xidmət edir. Amma reallıq isə bunun əksini göstərir”.

Kamran Əsədov
K.Əsədov təkcə sinifdən xaric oxularla bağlı deyil, ümumilikdə dərsliklərlə bağlı da problemlərin olduğunu deyir. Onun sözlərinə görə, ölkədə dərsliklərə nəzarət edən ayrıca bir qurum yoxdur:

“Çünki, təhsil nazirliyi sifariş verir və deyir ki, dövlətin standartlarına cavab verən dərsliklər yazın. Amma burada mübahisəli məsələ var. Həmin o standart reallaşmasa belə, təhsil nazirliyinin elan etdiyi tenderə bir neçə müəllif müraciət edir. Dövlətin müəyyən etdiyi qiymətləndirmə balı var. Məsələn, 100 balı keçən dərslik qalib elan olunur. Amma, tutaq ki, 5 dərslik tenderə təqdim olunub, heç biri 100 bal yığmayıb. Hətta cəmi 1, 2, 3, 4 və 5 bal yığıb. Nazirlik məcbur olur ki, tenderdə qalib gəlməyən, amma ən yüksək bal toplayan dərsliyi ən keyfiyyətsiz olsa belə, qəbul edib orta məktəblərə göndərsin. Yəni, "pislərin içərisindən bir az yaxşını" götürüb məktəblərə veririk”.

Ünvanladığımız bir sıra suallarla əlaqədar Elm və Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a cavab olaraq bildirilib ki, sözügedən mətn dövlət ümumi təhsil müəssisələrində hazırda istifadədə olan dərsliklərdə yer almır:

"Ümumiyyətlə, dövlət ümumi təhsil müəssisələri üçün hazırlanan dərsliklər istifadəyə verilmədən öncə onlara Elm və Təhsil Nazirliyinin fənlər üzrə ekspertlərinin, Dövlət İmtahan Mərkəzinin mütəxəssislərinin, ali və ümumi təhsil müəssisələrinin müəllimlərinin və ictimai müzakirədən daxil olan rəylərin əsasında düzəlişlər edilir. Bu səbəbdən şagirdlərə təqdim edilən dərsliklərdə belə halların olması mümkün deyil".

Dərsliklərdə yer alan nağıllarla bağlı hansısa tələb varmı, sualına cavab olaraq isə nazirlikdən bildirilib ki, ümumi təhsilin məzmunu milli və ümumbəşəri dəyərləri əks etdirməklə, dünyəvilik, şəxsiyyətyönümlülük, şagirdyönümlülük, nəticəyönümlülük, varislik və inteqrativlik prinsipləri əsasında hazırlanır. Bununla yanaşı, dərsliklərdə yer alan mətnlər təfəkkürlə bağlı səriştələrin formalaşdırmasına xidmət edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.