BAKI, 12 aprel — Sputnik. İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən xəbərə görə, aprel ayının 11-də saat 20:50-də "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycanın Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24 kiloqram 500 qram olan narkotik vasitənin və 2890 ədəd Metadon M-40 psixotrop həblərin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
İrandan Azərbaycana 24 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
© Photo : State Border Service
Onu da xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin aprelin 10-da yaydığı məlumatda bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində ümumilikdə 37 kiloqram 770 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aprel ayının 8-də saat 23:30-da "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 15 kiloqram 200 qram olan narkotik vasitə aşkar olunaraq götürülüb.
Aprel ayının 9-da saat 02:20-də Dövlət Sərhəd Xidmətinin "Göytəpə" sərhəd dəstəsinin və Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat tədbiri nəticəsində dövlət sərhədindən narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan və 77-EX-379 dövlət qeydiyyat nişanlı "Prius" markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən Sumqayıt şəhər sakinləri 1982-ci il təvəllüdlü Əsgərxanov Çoşqun Mehrac oğlu və 1997-ci il təvəllüdlü Şahbazlı Murad Elçin oğlu saxlanılıblar.
Avtomobilə baxış zamanı ümumi çəkisi 22 kiloqram 570 qram olan narkotik vasitə aşkar olunub.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.