BAKI, 12 aprel — Sputnik. "MOL Group" şirkəti "Azeri Light" neftini müntəzəm olaraq emal edə bilər.
Şirkət ilk dəfə bu yaxınlarda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan nefti özünün "Slovnaft" Neft Emalı Zavoduna tədarük edib.
"Bu, birdəfəlik çatdırılma idi, lakin onu müntəzəm etmək imkanı var. Artıq şirkət qərar verə bilər ki, özünün AÇG yatağında hasil olunan xam neft payını satsın və ya onu özünün neft emalı zavoduna nəql etsin", - şirkətdən bildirilib.
"Azeri Light" neftindən istifadə etməklə neft məhsullarının sınaq istehsalı apreldə başlayacaq.
Qeyd edək ki, Macarıstanın "MOL" şirkəti "Azəri-Çıraq-Günəşli" blokunda səhmlərin 9,57%-nə sahibdir.
Xatırladaq ki, "Azəri-Çıraq-Günəşli" dəniz neft-qaz yataqları blokunun işlənməsi üzrə müqavilə 1994-cü ilin sentyabrın 20-də imzalanıb. Məhz bu müqavilə Azərbaycanın neft-qaz sənayesinin dirçəliş dövrünə edilən ilk addım oldu. Müqavilə sahəsində istehsal prosesinin təşkili ilə yanaşı, AÇG-də istehsal olunan "Azəri Light" neftinin Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərləri, habelə dəmir yolu ilə ixracına imkan verən zəruri nəqliyyat infrastrukturunun inkişafı və yaradılması işləri aparıldı.
Hazırda ölkədə istehsal olunan neftin əksəriyyəti AÇG-nin payına düşür və bu blok ölkə iqtisadiyyatında olduqca vacib bir rol oynayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.