CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Komitə: Xeyli miqdarda dərmanların ölkəyə gətirilməsi üçün sənəd təqdim olunmalıdır

Dövlət Gömrük Komitəsindən bildirilib ki, bəzi hallarda vətəndaşlar şəxsi istifadədən artıq miqdarda dərman vasitələrini ölkə ərazisinə gətirməyə çalışırlar.
Sputnik
BAKI, 12 aprel — Sputnik. Gömrük orqanları tərəfindən bir sıra hallarda xeyli miqdar və növdə dərman vasitələrinin vətəndaşlar tərəfindən ölkə ərazisinə gətirilməsi zamanı miqdar və növ çoxluğuna görə səhiyyə orqanlarının müvafiq sənədinin təqdim olunması tələb edilir.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, bəzi hallarda vətəndaşlar şəxsi istifadədən artıq miqdarda dərman vasitələrini ölkə ərazisinə gətirməyə çalışırlar.
DGK vətəndaşların diqqətinə çatdırır ki, "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununun 9.4-cü bəndinə əsasən Azərbaycan Respublikasına gələn və ya xaricə gedən vətəndaşlar şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər, bu zaman heç bir sənəd tələb olunmur.
Vətəndaşların şəxsi istifadə üçün xaricdən gətirəcəyi dərmanların miqdarı müəyyən ediləcək
Xatırladaq ki, ötən ilin dekabr ayında Milli Məclisin iclasında Baş nazir Əli Əsədov deyib ki, mövcud qanunvericiliyə əsasən fiziki şəxslər özünə lazım olan qədər dərman vasitəsini ölkəyə gətirə bilərlər.
Baş nazir bildirib ki, zəruri olan miqdarın müəyyən edilməsi üçün Səhiyyə Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müvafiq tapşırıqlar verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.