NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft ABŞ-dan gələcək statistik məlumatların gözlənilməsi üzündən bahalaşıb

Treyderlər Federal Ehtiyat Sisteminin mayın 3-də keçiriləcək iclasında nəzərə alınacaq iqtisadi məlumatların açıqlanmasını gözləyirlər.
Sputnik
BAKI, 11 aprel — Sputnik. Çərşənbə axşamı, aprelin 11-i səhər-səhər dünya neft qiymətləri ABŞ-da bu xammalın ehtiyatları da daxil olmaqla, bir sıra makroiqtisadi məlumatların açıqlanmasından əvvəl yüksəlir.
Bakı vaxtı ilə saat 09:48-ə olan məlumata görə, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 0,72% artaraq 84,79 dollar/barelə, "WTI" markalı neftin may fyuçersləri 0,82% artaraq 80,39 dollar/barelə çatıb.
Bazarlar çərşənbə günü ABŞ-ın kommersiya neft ehtiyatlarına dair məlumatların açıqlanmasını səbirsizliklə gözləyirlər. Analitiklər hesab edirlər ki, aprelin 7-dək olan həftə ərzində ölkədə ehtiyatlar bir həftə əvvəl 3,74 milyon barel azaldıqdan sonra 1,3 milyon barel azalıb.
Bundan əlavə, benzin ehtiyatlarının 4,1 milyon barel azaldıqdan sonra 1,5 milyon barel, distillat ehtiyatlarının isə 3,63 milyon barel azaldıqdan sonra 0,75 milyon barel azalacağı gözlənilir.
Treyderlər, həmçinin Federal Ehtiyat Sisteminin mayın 3-də keçiriləcək iclasında nəzərə alınacaq iqtisadi məlumatların açıqlanmasını gözləyirlər. Belə ki, analitiklər ABŞ-da illik inflyasiyanın mart ayında bir ay əvvəl 6%-dən 5,2%-ə enəcəyini proqnozlaşdırıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.