BAKI, 11 aprel - Sputnik. Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu dövlət orqanlarının təsnifatından çıxarılır. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət qulluğu haqqında" və "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" qanun layihəsində əksini tapıb.
Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru isə prokurorluqda vəzifələrin təsnifatından çıxarılır.
Qeyd edilib ki, sənədlər Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabelik qaydasının dəyişdirilməklə yenidən təşkil olunması ilə əlaqədar hazırlanıb.
Nəzərdə tutulan dəyişikliklər nəticəsində həyata keçiriləcək institusional islahatlar prokurorluq orqanlarının struktur quruluşunun təkmilləşdirilməsi, onların xidməti fəaliyyətinin daha da yaxşılaşdırılması və səmərəliliyinin artırılmasına, qanunla onlara həvalə edilmiş vəzifələrin icrası səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.