BAKI, 7 aprel - Sputnik. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov İran və Ermənistanın pulu ilə maliyyələşənlərin xaricdə Azərbaycan haqqında yalan məlumatlar yaydıqlarını söyləyib.
O, Milli Məclisin aprelin 7-də keçirilən plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib ki, hər gün saxta informasiyaların şahidi olur və bu gün dünya informasiya əsasında idarə olunur:
“Dünyada gedən müharibələr də məhz informasiya müharibələrindən başlayır. İnformasiyanın qorunması, saxlanılması, ötürülməsi bu gün üçün aktual məsələdir. Bu sahədə qanunvericilik bazamızı daha da sərtləşdirməliyik”.
Onun sözlərinə görə, hazırda Azərbaycanda dezinformasiyalar geniş vüsət almaqdadır.
“Misal üçün, deputat Fazil Mustafa qarşı edilən sui-qəsdi hər kəs bir tərəfə yönləndirir. İnsan sağlamlığı uğrunda mübarizə apardığı dövrdə onun barəsində yalan informasiyaların yayıldığını da görür. Bu kimi yalan informasiyaların qarşısını almaq üçün lazımı addımlar atıb qanunları sərtləşdirməliyik. Hər adamı məhkəməyə verməyə qalsa, gərək həmin məhkəmənin qarşısında yüz deputat dayana və həmin şəxsləri məhkəməyə cəlb edə”, - deyə S.Novruzov bildirib.
O qeyd edib ki, "xaricdə oturanlar" hər gün ölkəmizlə bağlı saxta informasiyalar yayırlar:
"Xaricdə oturanlar yalan məlumatlar yayır. Azərbaycanın dövlətinin, Prezidentinin gördüyü işləri fərqli formada yalan şəkildə insanlara sırımağa çalışanlar var. Bunun qarşısını almaq lazımdır. Qanun çərçivəsində mütləq qabaqlayıcı tədbirlər görülməlidir”.