SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Nazir: Hazırkı Ermənistan ərazisində tarixi Azərbaycan adları dəyişdirilir

Adil Kərimli qeyd edib ki, Ermənistan hökuməti hazırkı ərazilərində azərbaycanlıların mədəni irsinin izlərini qəsdən məhv etmək, talan və dağıntılara məruz qoymaqla, habelə Azərbaycan xalqının mədəni irs nümunələrinin mənşəyini saxtalaşdırmaqla məşğuldur.
Sputnik
BAKI, 7 aprel — Sputnik. Ermənistan hökuməti ərazilərində yerləşən və Azərbaycan xalqına məxsus mədəni irs nümunələrinin mənşəyini saxtalaşdırmaqla məşğuldur.
Bunu UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli deyib.
O təəssüflə söyləyib ki, azad edilmiş ərazilərdə 30 ilə yaxın türk dünyasının mədəni irsi hesab edilən mədəniyyət abidələri, məscidlər, abidələr, mədrəsələr, görkəmli şəxsiyyətlərin evləri erməni vandalizminə məruz qalaraq dağıdılıb: "Eyni zamanda Ermənistan hökuməti hazırkı ərazilərində azərbaycanlıların mədəni irsinin izlərini qəsdən məhv etmək, talan və dağıntılara məruz qoymaqla, habelə Azərbaycan xalqının mədəni irs nümunələrinin mənşəyini saxtalaşdırmaqla məşğuldur".
"Azərbaycan kəndlərinin tarixi adları tamamilə dəyişdirilib, qədim toponimlər erməni adları ilə əvəz edilib. Ermənistan hökumətinin apardığı siyasətlə Azərbaycanın tarixi torpaqları olan Qərbi Azərbaycan ərazisində mədəni irs nümunələri olan Göy məscid, Qala məscid və Şah Abbas məscidləri, monumental abidələr sistemli və məqsədyönlü şəkildə məhv edilib", - A.Kərimli vurğulayıb.