BAKI, 4 aprel - Sputnik. Türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi yaradılacaq.
Bu barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra "Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında" Sazişin təsdiq edilməsi barədə" qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Bundan başqa, Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında beynəlxalq kombinə edilmiş yük daşımaları həyata keçiriləcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında" Sazişin təsdiq edilməsi barədə" qanun layihəsində əksini tapıb. Müzakirələrdən sonra bu qanun layihəsi də səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı yarandığı zaman onun dörd üzv ölkəsi - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatda beş üzv ölkə var. Özbəkistan 2019-cu ildə TDT-yə üzv olub.
Altı türk dövlətindən beşi bu təşkilatın üzvüdür, Türkmənistan isə müşahidəçi statusuna malikdir. Macarıstan da müşahidəçi qismində təşkilata qoşulub və təşkilatın Macarıstanda da ofisi fəaliyyət göstərir.
Türk Dövlətləri Təşkilatı yarandıqdan sonra Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana, Çolpan-Ata, Bakı, İstanbul, Səmərqənddə olmaqla doqquz Zirvə görüşü keçirilib.