BAKI, 4 aprel — Sputnik. Çin-Rusiya münasibətləri bloklara qoşulmamaq, qarşıdurmaya girməmək və üçüncü tərəflərə qarşı yönəlməmək prinsiplərinə qəti şəkildə riayət edir. Bunu Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Tsyan Rusiya Federasiyasının Baş naziri Mixail Mişustinlə telefon danışığında bildirib.
"İki dövlət başçılarının rəhbərliyi altında Rusiya-Çin hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlıq münasibətləri yeni dövrdə yüksək inkişaf səviyyəsini qoruyur", - Çin Dövlət Şurasının Baş naziri bildirib.
Martın 20-22-də Si Cinpin Rusiyaya dövlət səfəri edib. Nəticədə sənədlər paketi, o cümlədən yeni dövrə qədəm qoyan hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında Birgə Bəyanat və 2030-cu ilə qədər Rusiya-Çin iqtisadi əməkdaşlığının əsas sahələrinin inkişaf planı haqqında Birgə Bəyanat imzalanıb.