Azərbaycanlı sablyaçı dünya çempionatında gümüş medal qazanıb

Zərifə Hüseynova belə nəticəyə nail olan respublikanın ilk təmsilçisi olub.
Sputnik
BAKI, 3 aprel — Sputnik. Azərbaycanlı sablyaçı Zərifə Hüseynova Bolqarıstanın Plovdiv şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmələr arasında dünya çempionatında tarixi nəticə əldə edib.
Tarixdə ilk dəfə olaraq Azərbaycan idmançısı dünya çempionatının gümüş medalına sahib olub. Qrup mərhələsində Bolqarıstan, Koreya, İtaliya və Macarıstan təmsilçilərini məğlub edən Hüseynova yarımfinala yüksəlib.
Finala gedən yolda o, amerikalı sablyaçı ilə dueldə inadkar mübarizədə 15:13 hesabı ilə qalib gəlib. Həlledici görüşdə Azərbaycan təmsilçisi macarıstanlı Emes Domonkosa 12:15 hesabı ilə məğlub olub.
Zərifə Hüseynovanın uğurunu təsadüfi adlandırmaq olmaz. O, 2021-ci ildə Qahirədə (Misir) keçirilən gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.
İki il sonra Zərifə "bürünc"ü gümüş mükafatla əvəz edib, bu da irəliləyişin göz qabağında olması deməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.