DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Respublikaçıların çoxu 2024-cü il seçkilərində Trampı dəstəkləməyə hazırdır - sorğu

Donald Tramp ikinci dəfə Amerika Birləşmiş Ştatlarına rəhbərlik edə bilər.
Sputnik
BAKI, 2 aprel - Sputnik. Respublikaçıların 50%-dən çoxu hakimiyyətin siyasətçiyə qarşı məhkəmədə ittiham irəli sürmək niyyətinə baxmayaraq, 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampın namizədliyini dəstəkləməyə hazırdır. Britaniyanın “YouGov” şirkətinin keçirdiyi sorğunun nəticələrindən belə çıxır.
Sorğunun nəticələrinə görə, Respublikaçılar Partiyasından praymerizdə iştirak edən bütün namizədlərdən Respublikaçı tərəfdarların 52%-i Trampa səs verə bilər. Onun ardınca Florida qubernatoru Ron DeSantis gəlir ki, o, respondentlərin 21%-ni dəstəkləməyə hazırdır. Populyarlığa görə üçüncü yerdə Cənubi Karolinanın keçmiş qubernatoru və ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi Nikki Heyli qərarlaşıb, ona 5% səs verə bilər.
Bundan əlavə, sorğu iştirakçılarına Böyük Münsiflər Heyətinin Trampı ittiham etmək qərarı ilə bağlı suallar da verilib. Amerikalıların 43%-i ittihamın əsas səbəbi kimi siyasi qərəzliliyi göstərir, respondentlərin 42%-i isə bunun Trampı məsuliyyətə cəlb etmək istəyi ilə bağlı olduğunu bildirib.
Sorğu martın 30-dan 31-dək 1089 amerikalı böyüklər arasında aparılıb. Statistik səhv 3,3 faiz təşkil edir.
Bundan əvvəl Nyu-Yorkda böyük münsiflər heyəti Trampı ittiham etmək üçün səs verib. CNN mənbələrinin məlumatına görə, Manhetten prokurorluğu ABŞ-ın keçmiş prezidentini 30-dan çox biznes saxtakarlığında ittiham edir. Rəsmi olaraq ittihamlar yalnız Tramp məhkəməyə gələndə açıqlanacaq, lakin ehtimal edilir ki, bu, pornoqrafik aktrisa Stormi Danielsin işidir – ona Trampla iddia edilən münasibətlə bağlı susduğu üçün böyük məbləğdə pul ödənilib. Eks-prezident əvvəllər həm Daniels ilə əlaqəni, həm də onun hər hansı qanunsuz hərəkətini təkzib edib. Tramp həmçinin bildirib ki, təqiblər sırf siyasi xarakter daşıyır və onun 2024-cü ildə prezidentliyə namizəd olmaq niyyəti ilə bağlıdır.
Trampın məhkəməyə gəlişi aprelin 4-də gözlənilir. Siyasətçinin vəkili Co Tacopinanın bir qədər əvvəl dediyi kimi, ABŞ-ın keçmiş prezidenti çıxışı zamanı təqsirsiz olduğunu bəyan etmək niyyətindədir.