BAKI, 1 aprel - Sputnik. Azərbaycanda qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad olunub.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Burada məqsəd medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırmasıdır.
Belə ki, dəyişikliyə əsasən, media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlərin, o cümlədən reklam gəlirlərinin gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilir.
Məcəlləyə edilən dəyişikliyə görə, media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi də əlavə dəyər vergisindən (ƏDV) azad edilib.
Prezidentin imza atdığı bu dəyişikliklər 2023-cü il yanvarın 1-dən tətbiq edilməklə 3 il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil olunmur.