İDMAN

Dörd boksçumuz beynəlxalq turnirin finalında

Birincilikdə final görüşləri aprelin 1-də keçiriləcək.
Sputnik
BAKI, 1 aprel - Sputnik. Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir davam edir.
Federasiyadan Sputnik Azərbaycan-a verilən məlumata görə, Boks Mərkəzində 11 ölkənin 100-dən artıq idmançısının iştirakı ilə təşkil edilən yarışın dördüncü günündə yarımfinal döyüşləri baş tutub.
10 çəki dərəcəsində 20 döyüşün nəticəsinə əsasən finala çıxan boksçuların adlarına aydınlıq gəlib. Azərbaycan millisinin daha bir üzvü qələbə sayəsində həlledici döyüşə vəsiqə qazanıb. Nəticədə finalda mübarizə aparacaq təmsilçilərimizin sayı 4-ə çatıb. Bilal Nəzərov (46 kq), Zidan Hümbətov (48 kq), Sübhan Babayev (50 kq) və Elbrus Kərimli (54 kq) çempionluq üçün döyüşəcəklər.
Onlardan fərqli, 13 boksçumuz yarımfinalda məğlub olduqlarından bürünc medalla kifayətləniblər.
Müsabiqədən kənar keçirilən 44 kq çəki dərəcəsində isə 2 Azərbaycan boksçusu qüvvəsini sınayacaq. Umar Madaminova (Qırğızıstan) qalib gələn Məhəmmədəli Məmmədli Səid Aslanzadəni (Azərbaycan) məğlub edən Əli Məmmədovla üz-üzə gələcək.
Birincilikdə final görüşləri aprelin 1-də keçiriləcək.
Qeyd edək ki, 3 çəki dərəcəsində finalçılar əvvəlki günlərdə bəlli olub.