BAKI, 1 aprel — Sputnik. Azərbaycanda duru bitki yağlarının istehsalı azalıb, bu məhsulların qiymətləri isə zeytun yağı istisna olmaqla ucuzlaşıb. Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 5 min 163,4 ton duru bitki yağları istehsal edilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə duru bitki yağlarının istehsalı 44,6 faiz azalıb. Cari ilin martın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 5 min 488,2 ton təşkil edib.
Maraqlıdır, istehsalın azalmasının səbəbi nədir? Yerli istehsalın azalması qiymətlərə necə təsir edəcək? Bu il duru bitki yağlarının qiymətləri necə olub?
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, xaricdən böyük həcmdə yağlar əsasən də qarğıdalı və günəbaxan yağı Azərbaycana gətirilir və burada yerli şirkətlər tərəfindən qablaşdırılaraq bazara çıxarılır:
Dünyada bitki yağlarının daha da ucuzlaşması gözlənilir Yerli istehsalın azalması qiymətlərə necə təsir edəcək sualına ekspert belə cavab verib:
Zeytun yağının bahalaşmasına gəlincə, ekspert qeyd edib ki, Azərbaycanda zeytun bağları var və zeytun yağları yerli istehsaldır. Onun fikrincə, ola bilər hava şəraitinin pis keçməsinə görə məhsuldarlıq aşağı düşüb və qiymətdə yüksəlmə olub. Çünki xaricdən zeytun yağının ölkəmizə gətirilərək burada qablaşdırılması sərfəli deyil. Xaricdən gələn zeytun yağının qablaşdırılması yerinə, məsələn, Türkiyədən hazır məhsul almaq daha sərfəlidir.
Duru bitki yağları ucuzlaşıb
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin fevral ayında Azərbaycanda duru bitki yağlarının qiymətləri zeytun yağı istisna olmaqla ucuzlaşıb. Belə ki, yerli günəbaxan yağının orta aylıq pərakəndə satış qiyməti aylıq müqayisədə 2,5 faiz ucuzlaşaraq 5,37 manat, idxal günəbaxan yağının orta aylıq pərakəndə satış qiyməti isə 0,4 faiz aşağı düşərək 6,25 manat olub. Fevralda aylıq müqayisədə yerli qarğıdalı yağının orta aylıq pərakəndə satış qiyməti 1,6 faiz ucuzlaşaraq 7,35 manat, idxal qarğıdalı yağının orta aylıq pərakəndə satış qiyməti isə 0,5 faiz aşağı düşərək 7,69 manat olub.
Zeytun yağı isə bahalaşıb
Fevralda yanvar ayı ilə müqayisədə yerli zeytun yağının orta aylıq pərakəndə satış qiyməti 1,8 faiz bahalaşaraq 13,90 manat, idxal zeytun yağının orta aylıq pərakəndə satış qiyməti isə 1,2 faiz bahalaşaraq 16,82 manat olub.
Marqarin və kərə yağı istehsalı da azalıb
Onu da bildirək ki, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 8 min 327,2 ton marqarin istehsal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 faiz azdır. Bu ilin yanvar-fevral aylarında kərə yağı istehsalı isə 4 min 377 ton olub ki, bu da ötən ilin göstəricisindən 2,2 faiz aşağıdır.