BAKI, 31 mart — Sputnik. NATO-nun baş katibi Yens Stoltenberq Finlandiyanın alyansa üzvlüyü ilə bağlı protokolu ratifikasiya edən Türkiyə Məclisinin (parlament) qərarını alqışlayıb.
Bu barədə o, özünün "Twitter" hesabında yazıb.
Məclisdə səsvermə cümə günü gecə baş tutub. Türkiyə 30 NATO ölkəsi arasında Finlandiyanın üzvlüyünə səs verən sonuncu ölkə olub.
"Finlandiyanın üzvlüyü üçün ratifikasiya prosesini tamamlayan Türkiyə parlamentinin səsverməsini alqışlayıram. Bu, bütün NATO ailəsini daha güclü və təhlükəsiz edəcək", - deyə NATO-nun baş katibi öz fikrini bildirib.
Xatırladaq ki, Finlandiya və İsveç ötən ilin mayında Ukraynada baş verən hadisələr fonunda alyansa qoşulmaq üçün NATO-nun baş katibinə ərizələr təqdim ediblər. 2023-cü ilin əvvəlinə qədər 30 NATO ölkəsindən 28-i hər iki müraciəti təsdiqləsə də, Macarıstan və Türkiyə İsveçin müraciətini Finlandiyadan ayrı nəzərdən keçirmək istəyiblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.