“Deputat həmkarlarım birinci mənim danışmağını məsləhət bildilər. Çox həyəcanlı idim. Azərbaycan dövlətinin rəhbəri, dünyamiqyaslı siyasətçinin qarşısında çıxış etmək çox böyük məsuliyyət tələb edirdi. Mən Gürcüstan Prezidenti Eduard Şevardnadzenin salamlarını çatdırdım və bəzi məsələlər barədə danışdım. Sıxıntı keçirdiyimi hiss edən Heydər Əliyev özünəməxsus şəkildə sözümü kəsdi və dedi ki, “sən yaxşı danışırsan. Gürcüstan azərbaycanlıları Azərbaycan dilində bəzi nazirlərdən yaxşı danışırlar”. Bu zarafatyana replikası ilə məni ruhlandırdı”.
“Ümummilli Liderin 1996-cı ildə Tbilisidə soydaşlarımızla görüşü çox böyük tarixi əhəmiyyət kəsb edirdi. Görüş zamanı onun azərbaycanlıları diaspor deyil, aborigen xalq adlandırması sıradan məsələ deyildi. Heydər Əliyev bu bəyanatı ilə mühüm xəbərdarlıq etdi və nəzərə çatdırdı ki, Gürcüstanda yaşayan azərbaycanlılar tək deyil, onların arxasında Azərbaycan dövləti dayanıb. Onun bu sözləri tarixə düşdü. Gürcüstan azərbaycanlıları bunu unutmayacaqlar. Artıq neçə ildir Heydər Əliyev cismən aramızda deyil, amma onun adı və müqəddəs ruhu bizə dayaqdır. Biz onun əziz xatirəsini heç zaman unutmadıq və unutmayacağıq”.