"Ötən ilin sentyabr ayından başlayaraq Bakı küçələrində tıxaclar daha intensiv xarakter almışdı. ETSN-nin keçirdiyi monitorinqlərin nəticəsi kimi havada dəm qazının, azot oksidlərinin və bəzi başqa zərərli maddələrin normadan xeyli çox olduğu barədə məlumatlar da hamının yadındadır. Bu zərərli maddələrin əsas mənbəyinin nəqliyyat vasitələri olduğu da ETSN tərəfindən vurğulanırdı. NK özünün 29.03.2023 tarixli, 94 saylı Qərarını şərh edərkən əsas hədəfin göstərilən problemi həll etmək olduğunu vurğulayıb. Lakin bu məsələdə ciddi bir səhvə yol verilir. Bizim ölkəmizdə əhali sayına nisbətdə avtomobillərin sayı çox deyil (təxminən hər 100 nəfərə 14 avtomobil düşür). Bizdə əsas problem fərdi avtomobillərdən istifadə səviyyəsinin yüksək olmasıdır. Bunun səbəbi isə ictimai nəqliyyatın bərbad olması, fərdi mobillik üsullarından (velosiped və ona bərabər yerdəyişmə vasitələrindən) çox az istifadə edilməsidir. Ona görə də son qərarın ölkəmizdə ekoloji təhlükəsizliyi əhəmiyyətli dərəcədə artıracağını, yol hərəkəti təhlükəsizliyinə ciddi töhfə verəcəyini, yollarda tıxacları azaldacağını düşünmək doğru deyil", - deyə Ə.Hüseynov bildirib.
"Qısası, ölkədə avtomobillərin ekoloji zərərli təsirini azaltmağın, yol hərəkəti təhlükəsizliyi səviyyəsini artırmağın, yollarımızda tıxacları azaltmağın və aradan qaldırmağın yeganə yolu ictimai nəqliyyatı inkişaf etdirməkdir. Bütün sərmayələr ilk olaraq buna yönəldilməlidir. Buna paralel olaraq əhali üçün cəlbedici və səmərəli utilizasiya da həyata keçirilsə, insanlar köhnə avtomobillərdən inzibati qərarlarla deyil, hətta könüllü olaraq imtina edərlər", - deyə ekspert bildirib.