Millət vəkili Elşad Mirbəşiroğlu hesab edir ki, artıq ikinci dəfə daha uzun müddətli mülki missiyanın Ermənistan ərazisinə göndərilməsi ilə bağlı qərar qəbul edildikdən sonra bu ölkə cəsarətlənib və ritorikasını sərtləşdirib: "Ermənistan Avropa İttifaqının mülki monitorinq missiyasının timsalında özünə bir dəstək görür. Biz hər zaman qeyd edirik ki, Ermənistan yekun sülh sazişini imzalamaqdan hər vasitə ilə yayınır. Ermənistan tərəfi zaman qazanmaqla özünə dəstək elementi tapmağa çalışırdı. Ötən ilin oktyabrında Praqada keçirilmiş görüşdə Ermənistan belə bir dəstəyi tapmış oldu".
"Məhz ABŞ-ın təşəbbüsü ilə Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdikləri sanksiyalar göstərir ki, Avropa İttifaqı müstəqil siyasət sərgiləmək iqtidarında deyil. Hətta "Şimal Axını" kəmərlərindəki partlayışların ABŞ tərəfindən törədilməsi ilə bağlı təkzibedilməz faktların olmasına baxmayaraq, Almaniya kimi ölkə ona qarşı çıxa bilmir. Bu mənada Avropa İttifaqının Cənubi Qafqaza yönəlik siyasəti də Bayden administrasiyasının, daha doğrusu isə onun da siyasətinə yön verən məşhur Rotşildlərin nəzarəti altındadır. İstər İran ətrafında yaradılan gərginlik - bu gərginlik də süni şəkildə ABŞ tərəfindən yaradılır və Avropa İttifaqı da onun yedəyində gedir. İranın Ukraynadakı hadisələr fonunda Rusiyaya dəstək verməsi İrana qarşı münasibəti kəskin şəkildə pisləşdirdi. Hazırda regionu İrana qarşı sürükləyən bir siyasət təşviq edilir".