BAKI, 29 mart — Sputnik. Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) "İrAero" aviaşirkətinə Omskdan Bakıya birbaşa uçuşlar həyata keçirmək üçün icazə verib. Müvafiq əmr qurumun saytında dərc olunub.
Qeyd edək ki, hazırda bu marşrut üzrə birbaşa uçuşlar yoxdur.
Bundan əlavə, Rusiyanın "İrAero" aviaşirkəti Novosibirsk-Bakı-Novosibirsk istiqamətində uçuşlar həyata keçirmək niyyətindədir. Novosibirskdən Bakıya uçuşlar həftədə iki dəfə - cümə və bazar günləri, Bakıdan Novosibirskə isə çərşənbə və şənbə günləri həyata keçiriləcək.
"İlk Novosibirsk-Bakı reysi martın 31-nə planlaşdırılıb. Təyyarə Novosibirskdən saat 14:00-da (GMT +7) yola düşəcək, Bakıya isə saat 15:40-da (GMT +4) çatacaq. Uçuş müddəti 4 saat 40 dəqiqə olacaq. Qayıdış reysi saat 23:10-da yerinə yetiriləcək, uçuş müddəti 3 saat 50 dəqiqə olacaq", - "İrAero"nun hesabatında deyilir.
Bundan əlavə, martın 29-dan "İrAero" aviaşirkəti Ufadan Bakıya birbaşa uçuşlar açır. Uçuşlar çərşənbə günləri Suxoy Superjet-100 təyyarəsi ilə yerinə yetiriləcək. Uçuş müddəti üç saatdır.
Qeyd edək ki, "Utair" aviaşirkətləri artıq bu istiqamətdə çərşənbə axşamı, AZAL isə cümə axşamı və bazar günləri uçuşlar həyata keçirir.
Xatırladaq ki, Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, 28 mart 2023-cü il saat 06:00-dan etibarən Azərbaycana gələrkən COVID-19 pasportunun təqdim edilməsi tələb olunmur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.