BAKI, 29 mart — Sputnik. Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Qazax rayonunun sərhədyanı bölgədə yerləşən 3 kəndinin içməli su təchizatı yaxşılaşdırılır.
"Azərsu"dan bildirilib ki, dövlət investisiyası hesabına həyata keçirilən layihə Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərini əhatə edir. Bu kəndlərdə indiyədək su təchizatı sistemləri mövcud olmayıb. Kənd sakinləri suya olan tələbatlarını uzaq məsafədən daşımaqla ödəyiblər.
Təsdiqlənmiş layihəyə uyğun olaraq Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərinə içməli su 4 yeni subartezian quyusundan veriləcək. Layihə çərçivəsində nasos stansiyaları və su anbarlarının inşası da nəzərdə tutulub. Hazırda quyulararası, magistral və şəbəkə su xətlərinin, həmçinin anbarların tikintisi davam etdirilir. Layihə çərçivəsində 14 km magistral, 76 km şəbəkə su xətlərinin inşası layihələndirilib. İndiyədək magistral su xəttinin 2, içməli su şəbəkəsinin isə 53 km-lik hissəsi inşa olunub. Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərində əhalinin ümumi istifadəsi üçün 496 ədəd bulaq quraşdırılacaq.
Layihə üzrə tikinti-quraşdırma işlərinin 2023-cü ilin yay aylarında başa çatdırılması nəzərdə tutulur. Yeni yaradılan infrastruktur Qazax rayonunun 3 kəndində 10 minədək sakinin içməli su təchizatını yaxşılaşdıracaq.
Qeyd edək ki, hazırda Qazax rayonu ilə yanaşı, Tovuz, Ağstafa və Neftçala rayonlarının kənd və qəsəbələrində içməli su layihələri həyata keçirilir.