BAKI, 29 mart — Sputnik. 500-dək sorğu, 50 nəfər arasında aparılan detallı müsahibə əsasında bəlli olub ki, potensial insan alveri qurbanları 7-14 yaşında dilənçiyə vadar edilən uşaqlardır.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "İnsan alveri ilə mübarizədə medianın rolu: qadın və uşaq hüquqları" adlı təlimdə deyib.
Ölkə başçısı tərəfindən İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının təsdiqləndiyinə diqqət çəkən S.Qəhrəmanova bildirib ki, insan alverinin qarşısını almaq üçün şəxslərin nə üçün insan alveri qurbanı olduğu araşdırılmalıdır. İnsanlara insan alverinin qurbanına çevrilmədən də çətin həyatdan çıxış yolunun olduğu çatdırılmalıdır.
"Hər kəs öz ayağı üzərində durmalıdır. Biz 40 il əvvəlki ailə dəyərlərimizin nə üçün itdiyini araşdırmalıyıq, cəmiyyəti maarifləndirməliyik", - o, deyib.
S.Qəhrəmanova ailə-məişət zorakılığının qarşısını almaq, ailələrə müdaxilə üçün bələdiyyələrdə gender komissiyaların yaradılması istiqamətində işlər görüldüyünü bildirib. Qeyd edib ki, hazırda Sabunçuda bu pilot layihə icra olunur, rayon bələdiyyəsində belə komissiyalar yaradılıb.
Komitə rəsmisi hesab edir ki, cəmiyyətdəki bir sıra problemlərin - eyni zamanda da insan alverinin də kökündə məişət zorakılığı dayanır.
"İllər ötdükcə arzuolunmaz hallar artır. Çünki ailələrdə münasibətlər pozulur", - Komitə rəsmisi əlavə edib.