İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin 305 saylı qərarının müvafiq bəndinə əsasən, şəxsi və yaxın qohumların istifadəsi üçün gətirilən mallar dəyərindən və miqdarından asılı olmayaraq gömrük rüsumlarından azaddır. Onun sözlərinə görə, 305 saylı qərarın 1.5. bəndində qeyd edilib ki, fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı 2 ədəd eyni və eynicinsli malı güzəştli qaydada gömrük ödənişləri ödəmədən gömrük sərhədindən keçirmək hüququna malikdir.
N.Cəfərli onu da bildirib ki, Komitənin vətəndaşın gətirdiyi malların fotolarını ictimaiyyətə yayması da düzgün deyil.
Əkrəm Həsənov deyir ki, bu qayda gömrük orqanları üçün korrupsiya mənbəyidir. Onun sözlərinə görə, gömrük orqanı istəsə, vətəndaşdan rüşvət alıb həmin mallarını buraxa bilər: "Çünki, malların dəyərinin 800 ABŞ dollarını ölçmə mexanizmi yoxdur. Gömrük orqanı vətəndaşın xaricdə aldığı malın qəbzini qəbul etmir. Vətəndaş saatı 200 ABŞ dollarına alsa belə, Komitə o malın qiymətinin 200 yox, 500 ABŞ dolları olduğunu söyləyir. Buna nəzarət edən də yoxdur".