İDMAN

İki rekord, üç medal - Azərbaycan atleti dünya birinciliyindəki uğurları

Toplam 303 kiloqram (136+167) nəticə göstərən təmsilçimiz yekun sıralamada da dünya birinciliyinin gümüş medalçısı adını qazanıb.
Sputnik
BAKI, 28 mart - Sputnik. Albaniyanın Dürres şəhərində yeniyetmələr arasında ağır atletika üzrə dünya birinciliyi davam edir. Altmışdan çox ölkədən 322 (166 kişi + 156 qadın) atletin qatıldığı yarışda Azərbaycan atletləri də qüvvələrini sınayırlar.
Azərtac xəbər verir ki, bu gün körpücük üzərinə Ravin Alməmmədov çıxıb. Qazaxın “Göyəzən” ağır atletika klubunun təmsilçisi 73 kiloqram çəki dərəcəsində mübarizə aparıb.
Atletimiz birdən qaldırma hərəkətində 136 kiloqramı ram edib və bu hərəkətdən dünya birinciliyinin gümüş medalına sahib çıxıb. Təmsilçimiz təkanla qaldırma hərəkətində isə 167 kiloqramı başı üzərinə qaldırıb. O, bu hərəkətdə də gümüş medal qazanıb.
R.Alməmmədov bu çəkidə təkanla qaldırma hərəkətində türk Karaca Yaşara aid 163 kiloqramlıq Avropa rekordunu yeniləyib. Bununla yanaşı, 167 kiloqramı ram etməklə atletimiz bu hərəkətin toplamında rumıniyalı Yonut Donoseyə aid 300 kiloqramlıq rekordu da geridə qoyub.
Toplam 303 kiloqram (136+167) nəticə göstərən təmsilçimiz yekun sıralamada da dünya birinciliyinin gümüş medalçısı adını qazanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.