BAKI, 28 mart — Sputnik. Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) ofisində yerləşən qalereyada Azərbaycan xalçalarının sərgisi keçirilib.
"Azərxalça" ASC ilə USACC arasında bağlanmış əməkdaşlıq müqavilələrinə əsasən, "Made in Azerbaijan" brendi ilə istehsal olunan xalçaların ilboyu ölkənin müxtəlif ştatlarında sərgi-satışı keçiriləcək.
ABŞ paytaxtında Azərbaycan xalçalarının sərgisi keçirilib
© Photo : Azerkhalca OJSC
Bununla bağlı ən əlamətdar hadisələrdən biri də odur ki, ABŞ paytaxtının meri Müriel Bouzer 27-31 mart tarixlərini "Azərbaycanın kənd qadınlarının hüquq və imkanlarının genişləndirilməsi həftəsi" elan edib.
ABŞ paytaxtında Azərbaycan xalçalarının sərgisi keçirilib
© Photo : Azerkhalca OJSC
Ekspozisiyanın açılış mərasimində USACC-nin icraçı direktoru Natiq Baxışov və "Azərxalça" ASC-nin direktoru Emin Məmmədov çıxış edərək, onun əsas məqsədinin Azərbaycan xalçalarını bütün dünyaya nümayiş etdirmək və beynəlxalq əlaqələr yaratmaq olduğunu qeyd ediblər.
Sərgi həm klassik, həm də müasir üslubda təqdim olunan hər bir xalçanın tarixi ilə amerikalıları Azərbaycanın zəngin mədəni irsi ilə tanış edib. Burada, həmçinin Azərbaycan qadınları - xalçaçılıq ustaları haqqında videoçarxlar nümayiş etdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.