BAKI, 26 mart - Sputnik. ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer deyib ki, ikinci soyuq müharibə birincidən daha təhlükəli olacaq.
Kissincer İspaniyanın “Mundo” qəzetinə müsahibəsində ikinci soyuq müharibənin birincidən daha təhlükəli olub-olmayacağı sualına “Bəli” deyib.
Keçmiş dövlət katibi qeyd edib ki, Çin və ABŞ arasında yeni soyuq müharibə başlaya bilər. Kissincer hesab edir ki, hər iki ölkənin müqayisə edilə bilən iqtisadi resursları var, birinci soyuq müharibə zamanı belə deyildi. Onun fikrincə, Pekin və Vaşinqton indi düşməndirlər və “ÇXR qərbləşənə qədər gözləmək olmaz”.
Bundan əvvəl Çinin xarici işlər naziri Vanq Yi Kissincerlə görüşündə Çin və ABŞ arasında “yeni soyuq müharibə”nin başlamasının bütün dünya üçün fəlakət olacağını bildirmişdi. O, vurğulayıb ki, “Vaşinqton Çinə qarşı rasional və praqmatik siyasətə qayıtmalı, üç Çin-ABŞ kommünikesinə əməl etmək kimi düzgün yola qayıtmalı və Çin-ABŞ münasibətlərinin siyasi əsasını saxlamalıdır”.