İQTİSADİYYAT

Dünyada dollar güclənib - FED-in qərarları manatın məzənnəsinə necə təsir göstərəcək?

Deputat bildirib ki, avro da ABŞ valyutasına nisbətən dəyər itirməkdədir. Hazırda 1 avro almaq üçün 1 dollar 6 sentdən daha az ödəmək lazımdır. Bütövlükdə, qlobal valyuta bazarında volatillik müşahidə olunmaqdadır.
Sputnik
BAKI, 19 mart — Sputnik. "ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) son açıqlamasından sonra dollar qlobal valyuta bazarlarda yenidən möhkəmlənib. FED uçot dərəcəsində gözləniləndən daha çox artımlara getmək niyyətindədir". Bu barədə deputat Vüqar Bayramov bildirib.
O qeyd edib ki, uçot dərəcəsinin 2023-cü ildə 6 faizədək yüksəldilməsi istisna edilmir. Martın 21-22-də FED yenidən bir araya gələcək.
O bildirib ki, avro da ABŞ valyutasına nisbətən dəyər itirməkdədir. Hazırda 1 avro almaq üçün 1 dollar 6 sentdən daha az ödəmək lazımdır. Bütövlükdə, qlobal valyuta bazarında volatillik müşahidə olunmaqdadır.
FED-in qərarları manatın məzənnəsinə necə təsir göstərəcək?
V.Bayramov qeyd edib ki, dolların qlobal bazarlarda möhkəmlənməsi regional valyutalara ən azı psixoloji təsirsiz ötüşmür. Azərbaycan Mərkəzi Bankının ilin əvvəlində təşkil etdiyi hərraclarda dollara tələb aşağı idisə, artıq xarici valyuta alıcılarının sayı artmaqdadır. Mərkəzi Bank fevralın 28-də hərraclarda 42,7 milyon, martın 2-də 51,7 milyon, martın 7-də 44,8 milyon dollar satıb. Bütövlükdə, fevral ayında dollara tələbin yenidən yaranması müşahidə olunub. Aydındır ki, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda, Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği ilə əlaqəlidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxardığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir.

"Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti aylarda da manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq", - deyə o qeyd edib.

Xatırladaq ki, fevral ayında FED uçot dərəcəsini 0,25 faiz artıraraq faizləri 4,50 faizdən 4,75 faizə çatdırıb. Faiz dərəcəsinin artırılmasının səbəbi inflyasiyanı 2 faizə endirməkdir. Eyni zamanda, FED sədri Jerome Povel ABŞ Federal Ehtiyat Sisteminin inflyasiyanı cilovlamaq üçün faiz dərəcələrini daha da artıracağı ehtimalının olduğunu da bildirmişdi. 2022-ci ildə FED uçot dərəcəsini 7 dəfə artırıb.
2023-2026-cı illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat götürülüb
Xatırladaq ki, ötən ilin sonlarında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, Mərkəzi Bank sabit məzənnə rejimini növbəti il üçün də qorumağa çalışacaq və bu sabitliyin təmin edilməsi üçün əlindən gələni edəcək.
Əlavə edək ki, ötən ilin sentyabrında Maliyyə Nazirliyinin 2023-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilib ki, 2023-cü ildə də makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalmasını dəstəkləyəcək.
Sənəddə deyilib ki, İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2023-2026-cı illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
FED-in siyasəti neftin bahalaşmasını məhdudlaşdırır