BAKI, 18 mart — Sputnik. Fransa hakimiyyəti Kiyevə ağır silah tədarükü məsələsinin həllini "ləngidə" bilər.
Bunu fransız siyasətçi və Avropa Parlamentinin keçmiş deputatı Florian Filippo bildirib.
"Hər şey mümkündür. Ancaq düşünürəm ki, bu, Fransa hökuməti üçün getdikcə çətinləşən məsələyə çevrilir. Belə ki, fransızlar, ictimai rəy sorğularından da göründüyü kimi, getdikcə daha çox danışıqlara və Ukraynaya silah tədarükünün dayandırılmasına tərəfdardırlar", - deyə "RİA Novosti" agentliyi ondan sitat gətirir.
Bundan əlavə, Fransanın "Vətənpərvərlər" hərəkatının lideri vurğulayıb ki, hazırda pensiya islahatları ilə bağlı problemlər və ölkənin səhiyyə sistemindəki böhran səbəbindən hökumətin Ukraynaya silah və pul göndərməsi çətin olacaq.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Qərbin Kiyevə verdiyi silahların Rusiya Silahlı Qüvvələrinin qanuni hədəfinə çevriləcəyini bildirib. Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev bildirib ki, Ukraynaya "Leopard" tanklarının tədarükü ilə bağlı qərar münaqişənin yeni eskalasiya səviyyəsinə keçməsinə səbəb ola bilər.
Aİ diplomatiyasının rəhbəri Josep Borrell etiraf edib ki, Aİ Ukraynaya silah tədarükü ilə bağlı öz tabusunu pozub. O qeyd edib ki, Ukraynada xüsusi əməliyyat başlandıqdan sonra Kiyev üçün silah almaq təklifi Avropa ölkələri tərəfindən şübhə ilə qarşılanıb, lakin nəticədə "bu tabu" pozulub.