RUSİYA

Şoyqu ABŞ PUA-sının qarşısını alan pilotları dövlət mükafatlarına təqdim edib

Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu Su-27 təyyarəsinin pilotlarını dövlət mükafatları ilə təltif etmək üçün təqdim edib.
Sputnik
BAKI, 17 mart — Sputnik. Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-ın MQ-9 Reaper pilotsuz uçan aparatı tərəfindən xüsusi əməliyyat zonasının sərhədlərinin pozulmasının qarşısını alan Su-27 pilotlarını dövlət mükafatlarına təqdim edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ABŞ-ın MQ-9 pilotsuz uçuş aparatının xüsusi hərbi əməliyyat keçirmək məqsədilə yaradılmış hava məkanından müvəqqəti istifadə rejiminin sərhədlərinin pozulmasının qarşısını alan Su-27 təyyarəsinin pilotlarını dövlət mükafatları ilə təltif etmək üçün təqdim edib", - məlumatda deyilir.
Həmçinin qeyd olunur ki, bu ərazinin sərhədləri beynəlxalq hava məkanının bütün istifadəçilərinə çatdırılıb və beynəlxalq standartlara uyğun elan edilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, martın 14-də səhər saatlarında transponderləri söndürülmüş ABŞ-ın MQ-9 pilotsuz təyyarəsi Qara dəniz üzərində hava məkanından istifadə üçün müvəqqəti rejim ərazisinin sərhədlərini pozub. Nazirliyin məlumatına görə, PUA Krımda Rusiya sərhədinə doğru irəliləyirdi və pozucunu müəyyən etmək üçün Rusiya qırıcıları havaya qaldırılıb.
Müdafiə Nazirliyindən bildirilib ki, kəskin manevr nəticəsində pilotsuz təyyarə hündürlüyü itirərək nəzarətdən çıxıb və suya düşüb. Rusiya Müdafiə Nazirliyi vurğulayıb ki, Rusiya qırıcıları MQ-9 ilə təmasda olmayıb, hava-desant silahlarından istifadə etməyib və öz baza aerodromuna sağ-salamat qayıdıblar.