BAKI, 16 mart — Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hazırkı beynəlxalq geosiyasi və iqtisadi vəziyyətdə türk dünyası arasında əməkdaşlığın gücləndirilməsini vacib hesab edir.
Tokayev Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) fövqəladə sammitində "Fövqəladə halların idarə edilməsi və humanitar yardım" mövzusunda çıxış edib.
"Hazırda dünyada nə qədər çətin geosiyasi və iqtisadi vəziyyət olduğunu bilirsiniz. Bu şəraitdə türk dünyasının əməkdaşlığının gücləndirilməsi çox vacibdir. Bununla da təşkilatımız beynəlxalq aləmdə layiqli yer tutduğunu nümayiş etdirir", - Tokayev deyib.
Onun fikrincə, türk ölkələri siyasi, iqtisadi və mədəni əməkdaşlığı yeni səviyyəyə çıxarmalıdır.
"Bu, Qazaxıstanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir", - deyə o əlavə edib.
Tokayev bildirib ki, Türk Dövlətləri Təşkilatının növbəti Zirvə görüşü bu ilin oktyabr ayında Qazaxıstanda keçiriləcək.
Onun sözlərinə görə, TDT-nin X sammiti Türkistanda baş tutacaq: “Bu ilin payızında TDT-yə sədrlik Qazaxıstana keçəcək. Bu müddət ərzində bir sıra əlamətdar tədbirlər keçirməyi planlaşdırırıq".
2009-cu ildə yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 2021-ci ilin noyabrında İstanbul Zirvə toplantısında adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatına çevrilməsinə qərar verilib. Təşkilatda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan üzv, Türkmənistan və Macarıstan müşahidəçi qismində iştirak edirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.