"Bu şəhərcikdə Bahar bayramını simvolizə edən müxtəlif rəngarəng kompozisiyalar, bəzəklər yerləşdirilir. Onların arasında, səməni, tonqallar, milli geyimdə və milli musiqi alətləri ilə olan kuklalar, Nizami Gəncəvinin "Xəmsə"sindən olan təsvirlərlə bəzədilmiş rəngarəng oyuncaqlar vardır. Bununla yanaşı, uşaqların əyləncəsinə rəngarənglik qatmaq məqsədilə hava ilə doldurulmuş oyuncaqlar da yerləşdirilir. Bahar bayramına həsr olunan rəngarəng bəzəkləri, kompozisiyaları nəinki şəhərcikdə, eləcə də Köhnə Bulvar ərazisi boyunca görmək olar".
"Ümid edirik ki, Novruz bayramı ilə bağlı Milli Parkda qurulan maraqlı kompozisiyalar, əyləncə və istirahət üçün yaradılmış şərait nəinki uşaqların, eləcə də böyüklərin marağına səbəb olacaq. İnanırıq ki, Dənizkənarı Bulvar İdarəsi tərəfindən Milli Parkda yaradılan bayram ab-havası rəngarəngliyi ilə ziyarətçilərə xoş ovqat bəxş edəcək. Bayram günlərində Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək", - deyə məlumatda qeyd olunur.