BAKI, 16 mart - Sputnik. Azərbaycan Premyer Liqasında XXVII tur davam edir. Report-un məlumatına görə, günün son oyunu “Bakcell Arena”da keçirilib.
Turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan “Neftçi” səkkizinci yerdə gedən “Kəpəz”i qəbul edib. Sönük keçən birinci hissədə qapılara qol vurulmayıb. Əvəzində ikinci hissə məhsuldar alınıb.
Sükutu 57-ci dəqiqədə gözlənilmədən gəncəlilər pozublar. Kapitan Yusif Nəbiyev uzaq məsafədən vurduğu baxımlı qolla hesabı açıb. Ancaq “Kəpəz”in üstünlüyü uzun çəkməyib.
Əvvəlcə 8 dəqiqə sonra “ağ-qaralar”ın kapitanı Emin Mahmudov cərimə meydanı həndəvərindən yaxın küncü dəqiq nişan alıb. 71-ci dəqiqədə Eddi İsrafilov künc nöqtəsindən ötürülən topu başla qapıdan keçirib.
Buna baxmayaraq, təslim olmayan “Kəpəz” cəmi 2 dəqiqə sonra status-kvonu bərpa edib. Salif Sisse yaxın məsafədən qüvvətli zərbə ilə rəqibi mərkəzə dəvət edib.
Hər iki komandanın cəhdlərinə baxmayaraq, qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Bu nəticədən sonra “Neftçi” 56 xalla üçüncü pillədə qalıbsa, aktivindəki xalların sayını 22-yə çatdıran “Kəpəz” yeddinci yerə yüksəlib.
Qeyd edək ki, buna qədər “Qarabağ” “Sumqayıt”ı (6:0), “Sabah” “Zirə”ni (2:0) səfərdə məğlub edib, “Səbail”lə “Turan Tovuz” arasındakı görüş heç-heçə (1:1) nəticələnib. Tura martın 17-də keçiriləcək “Qəbələ” - “Şamaxı” matçı ilə yekun vurulacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.