BAKI, 15 mart — Sputnik. Türkiyədə zəlzələ bölgəsində intensiv yağışların yağması ilə yaranan sel nəticəsində həlak olanların sayı 14-ə çatıb.
Bildirilib ki, hələ də itkinlər var, ölənlərin sayının artacağı istisna deyil.
Sel Kahramanmaraş, Adıyaman, Şanlıurfa və Malatya şəhərlərini əhatə edir.
***
Türkiyənin zəlzələdən zərər görmüş Şanlıurfa bölgəsində sel nəticəsində ölənlərin sayı artıb.
Ölənlərin sayı 10-a çatıb.
Zəlzələ bölgəsində yağışların bu axşam da davam edəcəyi vurğulanıb.
***
Türkiyənin cənub-şərqi Anadolu və şərqi Anadolu bölgələrində hava şəraiti ilə əlaqədar ötən gündən "narıncı" xəbərdarlıq elan edilib.
Bu barədə Türkiyənin Meteorologiya Baş İdarəsi məlumat yayıb. Qeyd olunub ki, bölgə sakinlərinə bildirişlər göndərilib.
Yağıntıların cümə axşamı gününə qədər davam edəcəyi və Şanlıurfa, Mardin, Qaziantep, Kilis və Kahramanmaraş ətrafında çox güclü və şiddətli keçəcəyi gözlənilir. Yağıntılar zamanı sel, daşqın, şimşək çaxması, dolu və güclü külək kimi neqativ hallara qarşı diqqətli olmaları barədə xəbərdarlıq edilib.
***
Türkiyənin zəlzələdən zərər görmüş bölgələrində güclü yağışlar tələfata səbəb olub.
Türkiyənin Adıyaman vilayətində baş verən güclü sel konteyneri aparıb və nəticədə 1 nəfər ölüb, 4 nəfər itkin düşüb.
Bu barədə Türkiyənin "NTV" kanalı məlumat yayıb.
Türkiyədə sel
© Photo : İHA / CİHAN KİZİR
Şanlıurfada da sel nəticəsində 4 nəfər həyatını itirib, 2 xilasetmə işçisi itkin düşüb. Şəhərdə xəstəxanalar su altında qalıb, məktəblər bağlanıb.
Müvafiq qurumlar su basma riski olan çadırlardakı insanları təxliyyə edirlər.