RUSİYA

Rusiya gübrə ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına ümid edir – XİN

Aleksandr Qruşko vurğulayıb ki, ilk növbədə kasıb ölkələrin maraqlarına uyğun olaraq Rusiya gübrələrinə qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır.
Sputnik
BAKI, 14 mart — Sputnik. Rusiya Federasiyası Baltik limanlarından gübrələrin ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına ümid edir.
Bunu Rusiya Xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
"Malavidə 20 min ton. Ölkələrlə, liman rəhbərliyi ilə danışıqlar bir neçə ay çəkdi... Çoxlu maneələr var və bu maneələri aşmaq çox çətindir. Lakin bu, bizim vəzifəmiz deyil, bu, hər şeydən əvvəl, BMT strukturlarının vəzifəsidir," – deyə o, jurnalistlərə bildirib.
"İndiyə qədər limanlarda pulsuz tədarük etməyə hazır olduğumuz gübrələr var, lakin qarşımızda süni maneələr, gecikmələr yaradılır" – deyə Qruşko əlavə edib.
O ümid etdiyini bildirib ki, bu gübrələr nəhayət, Baltik limanlarından çıxacaq.
Qruşkonun sözlərinə görə, vəziyyətin pisləşməsinin qarşısını almaq üçün ilk növbədə kasıb ölkələrin maraqlarına uyğun olaraq Rusiya gübrələrinə qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır.
"Əgər dünya ictimaiyyəti həqiqətən də ən yoxsul ölkələrdə ərzaq böhranının qarşısını almaqda maraqlıdırsa, ehtiyacı olan ölkələrə gübrələrimizin pulsuz çatdırılması üçün maddi və hüquqi imkanların yaradılmasından ötrü təcili addımlar atılmalıdır", - deyə Qruşko vurğulayıb.
Bundan əvvəl Rusiyanın "Uralxim-Uralkaliy" qrupu Malaviyə xeyriyyə yardımı kimi 20 min ton gübrə tədarük edib. Malavi Afrikaya Aİ ərazisindən - şirkətdən humanitar təchizat alan ilk ölkə olub.