BAKI, 14 mart — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin 2023-cü ilin sentyabrında Hindistanda keçirilməsi planlaşdırılan G20 sammitində iştirakı istisna edilməyib və prezidentin sammitdə iştirakı ilə bağlı qərar ayrıca veriləcək.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə görüşü zamanı qeyd edib.
Peskov vurğulayıb ki, Putinin bu görüşdə iştirak ehtimalı hər zaman var və bunu istisna etmək olmaz. Eyni zamanda, Rusiya bu və ya digər formatda, həmçinin prezidentin sammitdə birbaşa iştirakı olmadan da G20-də hansısa şəkildə iştirak edir.
Xatırladaq ki, 2022-ci ildə G20 liderlərinin görüşünə Rusiyadan RF Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov gedib. 2020-2021-ci illərdə Putin görüşlərdə iştirak edib, lakin videobağlantı vasitəsilə. Prezidentin şəxsən görüşə getdiyi son il sammitin Yaponiyada keçirildiyi 2019-cu il olub.
Bu yaxınlarda "KP.RU" agentliyi Hindistanda keçirilən G20 xarici işlər nazirlərinin sammitində müxtəlif ölkələrin nümayəndələrinin görüşünün necə keçdiyi barədə məlumat verib. Hindistan hökuməti müxtəlif ölkələrə sətiraltı mövqeyini incə şəkildə göstərə bilib və Rusiya Aİ ölkələrindən qat-qat yaxşı qarşılanıb.