CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kürün suyunun azalmasının səbəbi açıqlanıb

Qonşu ölkələrdə sudan istifadə artıb ki, bu da Kür çayının suyunun azalmasına təsirsiz ötüşməyib.
Sputnik
BAKI, 14 mart — Sputnik. Kür çayının suyunun bir hissəsinin su anbarlarında toplanması və qonşu ölkələrdə çayın suyundan istifadənin artması Azərbaycan ərazisində suyun azalmasına təsir edən amillərdəndir.
Bunu Milli Hidrometeorologiya Xidmətinin müvəqqəti rəisi Rafiq Verdiyev deyib. Onun sözlərinə görə, Kür çayı ölkəyə daxil olanda onun müəyyən hissəsi su anbarlarında toplanılır:
"Əks halda, yay aylarında əkin sahələrinin suvarılmasında ciddi problemlə qarşılaşarıq. Ümumilikdə isə əvvəlki illərlə müqayisədə ölkəyə daxil olan suyun həcmi azalıb. Qonşu ölkələrdə sudan istifadə artıb ki, bu da Kür çayının suyunun azalmasına təsirsiz ötüşməyib".
Rafiq Verdiyev bildirib ki, qarın ölçülməsinin nəticələrinə görə, Kür çayında suyun səviyyəsinin necə olacağı ilə bağlı nəticələr mart ayının sonuna bəlli olacaq:
"Qıraqkəsəmən məntəqəsində stansiyamız var və o məntəqə üzrə ölkəyə daxil olan suyun həcmini qiymətləndirəcəyik. Biz Kür çayı ilə bağlı məlumatı əsasən bu məntəqədən alacağıq. Aprel-may aylarında artımın olunması gözlənilsə də, indidən nəsə demək çətindir". (APA)
Qeyd edək ki, Azərbaycanda milli su strategiyası hazırlanıb. Layihə müxtəlif dövrləri əhatə etməklə ən müasir idarəetmə prinsiplərinə əsaslanıb.