BAKI, 14 mart - Sputnik. Azərbaycanın çox geniş bərpaolunan enerji potensialı var. Təkcə Xəzər dənizinin külək enerji potensialı 157 qiqavata bərabərdir.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında söyləyib.
Artıq bir neçə kontraktın imzalandığını vurğulayan dövlətimizin başçısı bildirib:
“Əminəm ki, gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini ixrac edən ölkəyə çevriləcəkdir”.
Avropa məkanına qaz ixracatımızı artırırıq
Prezident Azərbaycanın Avropaya qaz ixracını artırdığını da qeyd edib:
"Biz Avropa məkanına qaz ixracatımızı artırırıq. Əgər 2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz ixrac etmişiksə, bu il bu rəqəm haradasa 12 milyard kubmetrə çatacaq".
Bu rəqəmin Azərbaycanın ümumi qaz ixracatının yarısı olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Gələcək illərdə öz ixrac coğrafiyamızı Avropada genişləndirmək istərdik”