RUSİYA

Rusiya və Azərbaycan səfirləri iki ölkə arasında əlaqələri müzakirə ediblər

Görüşdə iki ölkə arasında müttəfiqlik əməkdaşlığının daha da inkişafına kömək etmək üçün qarşılıqlı niyyətin olduğu bir daha təsdiqlənib.
Sputnik
BAKI, 13 mart - Sputnik. Bazar ertəsi Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov və Azərbaycanın Yəhudi dövlətinə təyin olunmuş səfiri Muxtar Məmmədov arasında görüş keçirilib. Bu barədə TASS Rusiya səfirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilir ki, görüşdə Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi perspektivləri müzakirə olunub.

“Diplomatik nümayəndəliklərin rəhbərləri dostluq şəraitində keçən fikir mübadiləsi zamanı qarşılıqlı maraq doğuran sahələrdə Rusiya-Azərbaycan əməkdaşlığının aktual məsələlərinə toxunublar. Xüsusilə Böyük Vətən Müharibəsinin tarixi yaddaşının qorunub saxlanılması, ikitərəfli iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi mövzuları, eləcə də Yaxın Şərq nizamlanması problemləri müzakirə olunub", - deyə diplomatik nümayəndəlikdən məlumat verilib.

"Söhbət zamanı Viktorov və Məmmədov iki ölkə arasında müttəfiqlik əməkdaşlığının daha da inkişafına kömək etmək üçün qarşılıqlı niyyəti təsdiqləyiblər”, - deyə səfirlikdən əlavə ediblər.
Bundan əlavə, əlaqələrin davam etdirilməsinin razılaşdırıldığı qeyd olunub.
Azərbaycanın İsraildəki səfirliyi 2022-ci ilin noyabrında yaradılıb, yanvar ayında respublika Prezidenti İlham Əliyev Muxtar Məmmədovu diplomatik nümayəndəliyin rəhbəri təyin edib.
"i24" telekanalının məlumatına görə, Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi martın 29-da Təl-Əvivdə baş tutacaq və burada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun da iştirak edəcəyi gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.