YAZARLAR

İran müharibə və sülh astanasında: bölgəni partlaya biləcək bir qığılcım

İran ərazisində mümkün hərbi əməliyyatın keçirilməsi ərəfəsində İran və İsrail bir-birini təhdid edir və güclərini nümayiş etdirməyə davam edirlər. Bunun Azərbaycana necə təsir edəcəyi barədə Sputnik Azərbaycan-ın materialında.
Sputnik
BAKI, 13 mart — Sputnik. İran ərazisinə hərbi zərbə endirmək istəyi İsraildə uzun müddətdir ki, səslənir. İsrail siyasətçiləri belə bir addımı İranın nüvə proqramının inkişafı ilə əsaslandırırlar ki, bu da onların fikrincə regional təhlükəsizliyi və birbaşa İsraili təhdid edir.
Maraqlıdır ki, bu fonda bəzi oyunçular Tehranla Bakı arasında hərbi qarşıdurma yaratmaqdan çəkinmirlər. Ekspertlərin fikrincə, İrana hücum etmək məqsədilə İsrailin istifadəsinə verilməsi üçün guya Azərbaycanın hava limanlarını hazırlaması barədə mətbuatda yer alan məlumatlar da məhz bu məqsədə xidmət edir.
Belə ki, Azərbaycanın Təl-Əvivdəki yeni təyin olunmuş səfiri Muxtar Məmmədov bildirib ki, İsrailin İranın nüvə obyektlərinə hücum etmək qərarına gələcəyi təqdirdə Bakı istifadə üçün heç bir aerodromunu vermək niyyətində deyil.
Muxtar Məmmədov
İranın hərbi güclənməsinin əsl səbəbləri
Tehranla Vaşinqton arasında münasibətlər İran İslam inqilabının qələbəsinin ilk günlərindən bəri gərgin olaraq davam edir. Ölkədən Misirə qaçan Şah Məhəmməd Rza Pəhləvinin müalicə üçün ABŞ-a köçdüyü və orada siyasi sığınacaq almaq niyyətində olması ilə bağlı məlumatlar inqilab dövründə radikal İran gənclərinin sərt reaksiyasına səbəb olub. Nəticədə bu, ABŞ-ın Tehrandakı səfirliyinin Müsəlman Tələbələr Təşkilatı tərəfindən ələ keçirilməsi ilə nəticələnib. 66 diplomat girov götürülüb, onlardan 13-ü - qadınlar və qaradərili səfirlik əməkdaşları sonradan azad edilib.
ABŞ dərhal öz banklarında İranın avuarlarını və qızıl ehtiyatlarını dondurmaqla cavab verib. Sanksiyalar ABŞ vətəndaşlarına və şirkətlərinə İranda bizneslə məşğul olmaq və ya İran şirkətləri ilə birgə müəssisələrdə, o cümlədən neft və qaz sahəsində iştirak etmək üçün tam qadağanı əhatə edir. Zaman keçdikcə qadağalar daha da sərtləşdirilib və hazırda onların miqyası nəhəng bir ölçüyə çatıb. Amerikalılar BMT səviyyəsində sanksiyaların qəbul edilməsinə nail ola biliblər ki, bu da dünyanın bir çox ölkələrinin onlara qoşulmasına imkan verib.
Bu illər ərzində İranı hərbi cəhətdən "sakitləşdirmək" üçün bir neçə cəhdlər olub. İlk cəhd səfirlikdə qalan 53 girovun azad edilməsi üçün amerikalıların xüsusi təyinatlı qüvvələrinin müdaxiləsinin tapşırığın öhdəsindən gələ biləcəyini düşündüyü zaman edilib. Lakin cəhd uğursuz olub, Tehran və Vaşinqton arasında münasibətlər tamamilə pisləşib. İndi hər iki tərəfin bir-birini "əsl şər" adlandırmaq üçün əsaslı səbəbi olub.
Bundan sonra Fars körfəzindəki iki ölkənin hərbi gəmiləri arasında baş vermiş onlarla toqquşma, İranın neft platformasının məhv edilməsi, İran ərazisində, o cümlədən havadan nüvə və hərbi obyektlərə təxribat aktları baş verib.
Hərbi-dəniz qarşıdurmasında ABŞ gəmiləri iştirak edib, hava zərbələri isə, bir qayda olaraq, İsrailin köməyi ilə pilotsuz təyyarələr vasitəsilə həyata keçirilib.
Lazım gələrsə İran ərazisinə qabaqlayıcı hərbi zərbə endirəcəyini daim bəyan edən ABŞ-İsrail tandemi vəziyyəti daha da gərginləşdirir. Tehran bütün bu illər ərzində İsraili "şər" adlandırmaqdan əl çəkməyib. 2000-ci illərin ortalarında İranın o zamankı Prezidenti Mahmud Əhmədinejad bildirib ki, "Sovet İttifaqı dünya xəritəsindən yoxa çıxdığı və artıq mövcud olmadığı kimi, sionist dövlət də tezliklə öz mövcudluğunu dayandıracaq".
Aydındır ki, mövcud vəziyyət İrandan hərbi qüdrətini artırmağı tələb edir ki, bu da iki nüvə dövlətinin - ABŞ və İsrailin hərbi zərbəsini dəf etməyə imkan verəcək.
ABŞ və İsrail bayraqları, arxiv şəkli
Bölgədə mövcud vəziyyət
ABŞ və İsrail siyasətçiləri iranlıların atom bombasını əldə etmələri üçün cəmi bir neçə günün kifayət etdiyini təkrarlamaqdan yorulmurlar. Ancaq günlər keçir və hələ də İran bombası ilə bağlı heç bir xəbər yoxdur ki, yoxdur. Ekspertlər hesab edirlər ki, bu mövzu amerikalılar üçün regional vəziyyətin gərginləşməsi baxımından sərfəlidir ki, bu da hər zaman "barmağı tətikdə saxlamağa" imkan verir. İraqa hərbi müdaxilədən əvvəl dövlət katibi Pauelin əlindəki olan və sonradan müəmmalı şəkildə yoxa çıxan İraq qarayarasının elementləri ilə məşhur sınaq borusu ilə bənzətmə edilə bilər.
Eyni zamanda, ekspertlər Ukrayna ərazisində hərbi qarşıdurma olduğu halda amerikalıların növbəti hərbi avantüraya cəlb olunmağa razılaşacağı vəziyyəti qeyri-real hesab edir. Hesab edilir ki, amerikalılar İsrail müttəfiqlərini də bundan çəkindirməyə çalışırlar.
Lakin ABŞ İranı müttəfiqlərinə qarşı mümkün hərbi hücumlardan çəkindirməyə imkan verəcək vəziyyət yarada bilər. Ekspertlər martın 12-də ABŞ-ın Nevada ştatındakı "Nellis" aviabazasında başlayan ABŞ-İsrail birgə hərbi hava təlimlərini məhz belə qiymətləndirirlər. Onlar "Red Flag" ("Qırmızı Bayraq") adlanırlar və iki həftə davam edəcəklər. Pilotlar düşmənin strateji dərinliyindəki hədəflərə zərbələr endirmək, hava üstünlüyünə və havada hücum-müdafiəsinə nail olmaq, düşmən təyyarələrini ələ keçirmək, hava hücumundan müdafiə sistemləri ilə doldurulmuş naməlum əraziyə zərbələr endirmək üçün çalışmalıdırlar.
İranlıların özləri onun ərazisinə mümkün müdaxiləyə intensiv şəkildə hazırlaşırlar - döyüş təyyarələri və hava hücumundan müdafiə vasitələrinin alınması ilə bağlı danışıqlar aparılır və öz silahlarının istehsalını artırlar.
Ekspertlər hesab edirlər ki, martın 11-də Azərbaycanla sərhəddə İranın hərbi təyyarəsi ilə baş verən insidentə istinad edərək, bu vəziyyətdə "həddi aşmamaq" vacibdir. Azərbaycan tərəfinin məlumatına görə, İran Hərbi Hava Qüvvələrinə məxsus təyyarə saat 09:44-dən 10:26-dək Azərbaycan-İran sərhədi boyunca fasiləsiz - Zəngilan rayonundan Biləsuvar istiqamətində və əks istiqamətdə patrul xidməti həyata keçirib. İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona bununla bağlı etiraz notası təqdim edilib.
Göründüyü kimi, bölgədəki vəziyyət son dərəcə gərgin olaraq qalır, belə bir vəziyyətdə "xətti aşmamaq" və öz hərəkətlərində son dərəcə seçici olmaq çox vacibdir. İstənilən qığılcım bütün bölgəni bürüyəcək yanğına səbəb ola bilər". Və belə bir vəziyyət hər kəsin əlinə düşə bilər, ancaq region ölkələrinin deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.