NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Dolların ucuzlaşması nefti bahalaşdırdı

ABŞ-da baş verən bank böhranı ABŞ Mərkəzi Bankının növbəti aylarda sərt pul siyasətini yumşaldacağına dair gözləntiləri artırıb.
Sputnik
BAKI, 13 mart — Sputnik. Dünya bazarlarında neftin qiymətləri bahalaşıb. "Brent" neftinin dəyəri 0.41% artaraq 1 barelə görə 83.12 dollar, "WTI" markalı neftin 1 barelinin qiyməti 0.46% artaraq 77.03 dollar olub.
Qeyd edək ki, dünyada dolların ucuzlaşması neftin bahalaşmasına səbəb olub. Bazar ertəsi neft qiymətləri bir qədər yüksəlib. ABŞ-da baş verən bank böhranı ABŞ Mərkəzi Bankının (FED) növbəti aylarda sərt pul siyasətini yumşaldacağına dair gözləntiləri artırıb. Bu gözləntilər də dolların aşağı düşməsinə təsir göstərib.
ABŞ-da 2008-ci ilin maliyyə böhranından sonra ilk dəfə böyük bank "Silicon Valley Bank" (SVB) müflis olub. "Silicon Valley Bank"dan bütün sığortalanmış əmanətlər "Santa Clara" Əmanətlərin Sığortalanması Milli Bankına köçürülüb və əmanətçilərin 13 mart bazar ertəsi günündən gec olmayaraq əmanətlərinə çıxış əldə etməsi gözlənilir. ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib ki, ölkənin bank sistemi "Silicon Valley Bank" ətrafındakı vəziyyətin öhdəsindən gəlməlidir.
Bundan başqa, Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik münasibətlərin bərpası qlobal xam neft bazarları üçün də müsbət xəbərdir.
Xatırladaq ki, ötən həftənin sonunda Azərbaycan neftinin bir barelinin qiyməti 0,66 dollar azalaraq 84,79 dollar olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.