BAKI, 9 mart — Sputnik. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"na dəyişiklik edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, şəhid və şəhid ailələrinə xərclənən vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən, ayrı-ayrı şəxslərin, müxtəlif təşkilat, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından habelə dövlət icbari şəxsi sığorta vəsaiti hesabına ödəniləcək.
İndiyədək şəhid və şəhid ailələrinə xərclənən vəsait Azərbaycan Respublikası və müvafiq şəhər (rayon) icra hakimiyyətlərinin büdcəsindən, ayrı-ayrı şəxslərin, müxtəlif təşkilat, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından ödənilirdi.
Pensiya və müavinətlərə çəkilən xərclər isə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi və dövlət büdcəsi hesabına yalnız nağdsız qaydada ödənilirdi.
Xatırladaq ki, bu qaydalar Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatda itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunun və sosial müdafiəsinin tənzimlənməsi, həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edir.
Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.