BAKI, 7 mart - Sputnik. "Azərbaycanda qadınların pensiyaya çıxmaq üçün son yaş həddi 60, kişilər üçün isə 62 olsun. Ombudsmanın məruzəsində qadınların pensiya yaş həddinin azaldılması təklif olunur və bu təklifi dəstəkləyirəm".
Bunu deputat Razi Nurullayev parlamentin iclasında Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsinin müzakirəsi zamanı deyib.
"Rəhmətə gedənlərin çoxu 57-62 yaş arasındadır"
Razi Nurullayev
© Sputnik
Deputat qeyd edib ki, lakin dünyada pensiya yaş həddinin əsasən 65 olduğu deyiləcək:
"Axı, o ölkələrdə tibbi əlçatanlıq, sosial yaşayış, əməkhaqları bizimlə müqayisədə daha yüksək səviyyədədir. Biz özümüzü onlarla necə müqayisə edə bilərik? Biz deputatlar xalqın içindəyik, onların evlərində oluruq, şikayətlərini dinləyirik və yaşayışlarını da çılpaq gözlə görürük. Kəndlərdə, qəsəbələrdə, rayonlarda, Bakının saysız-hesabsız gecəqondularında əhalimiz çətin vəziyyətdə yaşayır. Onun üçün də pensiya yaşını azaltmaq çox vacibdir".
Daha sonra millət vəkili onlarla yas məclislərində olduğundan danışıb:
"Yaşlanıb ölənlərin sayı çox azdır. Bütün xəstəliklər də çox cavanlaşıb. 30 yaşlı cavan ürək tutmasından ölür, 20 yaşlı gəncin qan təzyiqi var, körpə uşaq onkologiya xəstəliyinə tutulur. Baxıram ki, rəhmətə gedənlərin çoxu 57-62 yaş arasındadır. Hətta qəbiristanlıqlarda da bir monitorinq aparmışam və son zamanlar ölənlərin əksəriyyəti yaşlanmadan dünyasını dəyişənlərdir. Biz gərək bu faktları nəzərə alaq".
"Bu səbəbdən ombudsmanın qadınların pensiyaya çıxmaq üçün yaş həddinin azaldılması təklifini dəstəkləyirəm. Qadınların 60, kişilərin isə 62 yaşında pensiyaya çıxması ədalətli olardı. İnanmaq istərdim ki, bu təkliflər diqqətsiz qalmayacaq", - deyə deputat söyləyib.
"Sahibkarlıq fəaliyyətinin asanlaşdırılmasına ehtiyac var"
Deputat digər bir təklif də irəli sürüb. O bildirib ki, bütün dünyada sahibkarların hüquqlarını müdaifə edən biznes ombudsmanı var:
"İstərdim ki, bu məsuliyyətli sahəni də ombudsman öz üzərinə götürsün. Ombudsman aparatında sahibkarlarla bağlı xüsusi bir şöbə yaradılsın, yaxud da ən yaxşısı məsul bir şəxs müəyyən edilsin. Bunu təxirəsalınmaz addım hesab edirəm. Sahibkarlıq fəaliyyətinin asanlaşdırılmasına və ölkəyə sərmayələrin cəlb olunmasına ehtiyac var. Dövlət qurumlarının fəaliyyəti təəssüflər olsun ki, iş yerlərinin açılmasına şərait yaratmır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.