BAKI, 7 mart - Sputnik. "Respublikanın bir sıra bölgələrində havaların daha tez soyuması nəticəsində məktəblərin isidilməsində yaranan problemlər şagirdlərin səhhətinə neqativ təsir göstərməklə yanaşı, davamiyyətin aşağı düşməsinə səbəb olur ki, bu da təhsil hüququnun səmərəli təmin olunmasına imkan vermir".
Bunu Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Milli Məclisdə 2022-ci il üzrə illik məruzəni təqdim edərkən deyib.
"Odur ki, həmin təhsil müəssisələrində qış mövsümünə keçidin müəyyən edilmiş tarixlər üzrə deyil, hava şəraitinə uyğun tətbiq olunması ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi daha məqsədəmüvafiqdir", - deyə ombudsman diqqətə çatdırıb.
O əlavə edib ki, təhsil hüququnun təmin edilməsinin mühüm elementi kimi orta məktəb şagirdlərinə verilən əsas tədris vəsaitləri ilə yanaşı, tədris proqramının ayrılmaz tərkib hissəsi olan əlavə tədris vəsaitlərinin də dövlət büdcəsi hesabına maliyyələşdirilməsi, peşəkar və ixtisaslaşmış psixoloqlar cəlb edilməklə məktəblərdə psixoloq ştatlarının artırılması, müəllim-şagird münasibətlərində, pedaqoji heyət daxilində yarana biləcək mübahisələrin effektiv həlli məqsədilə təhsil sistemində mediasiya institutunun bu və ya digər müsbət beynəlxalq təcrübənin öyrənilərək tətbiq olunmasına ehtiyac var.
Xatırladaq ki, bu gün Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi müzakirəyə çıxarılıb. Məruzə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.