BAKI, 5 mart - Sputnik. Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada hərbi əməliyyatlar zonasında olan qoşun qruplaşmalarının komandirləri ilə görüş keçirib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirə mövcud vəziyyət və gələcək fəaliyyət planları barədə məruzələr təqdim olunub.
Bildirilib ki, görüş zamanı Sergey Şoyqu şəxsi heyətin yerlərdə təhlükəsiz yerləşməsi üçün lazımi şəraitin yaradılmasına və qoşunların hərtərəfli təminatının təşkilinə xüsusi diqqət yetirib.
Görüş Rusiya qoşunlarının birləşmiş qruplaşmasının qərargahında keçirilib. Tədbirdə Baş Qərargah rəisi və Ukraynadakı hərbi əməliyyatların rəhbəri Valeri Gerasimov, Aerokosmik Qüvvələrin Ali Baş Komandanı Sergey Surovikin və Baş Qərargahın Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy iştirak ediblər.
Martın 4-də Sergey Şoyqu Ukraynada hərbi əməliyyatlar zonasında Cənubi Donetsk istiqamətində "Vostok" qoşun qruplaşmasına baxış keçirib. Daha sonra Şoyqu öz müavinləri ilə qoşunların silah, hərbi texnika və sursatla təminatı məsələləri ilə bağlı görüş keçirib.
Müdafiə Nazirliyi qeyd edib ki, nazir ehtiyat hissələrin döyüş hazırlığının təşkilinə və hərbi-siyasi işlərə xüsusi diqqət yetirib.