BAKI, 5 mart - Sputnik. BMT-nin Baş katibi Antonio Quterreş beynəlxalq inkişaf banklarını maliyyə vəsaitlərinin ən az inkişaf etmiş ölkələrə "məqbul qiymətlə" axmasını təmin etmək üçün biznes modellərini dəyişdirməyə çağırıb. RİA "Novosti" xəbər verir ki, bu sözləri Quterreş Qətərdə keçirilən Beşinci Ən Az İnkişaf etmiş Ölkələrin İnkişaf Konfransının açılışında çıxışı zamanı deyib.
BMT-nin Baş Katibi beynəlxalq maliyyə institutlarını pandemiya və təbii fəlakətlər kimi gözlənilməz hallar da daxil olmaqla maliyyələşdirməni genişləndirmək üçün kreativ yollar tapmağa və bu cür fövqəladə hallar baş verdikdə dövlətlərə dəstək üçün müddəaları borc alətlərinə daxil etməyə çağırıb.
Quterreş bildirib ki, Beynəlxalq Valyuta Fondunun (BVF) xüsusi borc alma hüquqlarının inkişaf etmiş ölkələrdən onlara daha çox ehtiyacı olan az inkişaf etmiş ölkələrə keçidini sürətləndirməyə, eləcə də ən az inkişaf etmiş ölkələrin inkişaf etmiş ölkələrdən səkkiz dəfə az kredit aldığı "dərin qərəzli" qlobal maliyyə sistemini transformasiya etməyə daha çox ehtiyac var.
Quterreş çıxışında zəngin ölkələri hər il kasıb ölkələrə 500 milyard dollar ayırmağa çağırıb.
Ən az inkişaf etmiş ölkələrin sonuncu konfransı koronavirus pandemiyasından əvvəl, 2019-cu ildə keçirilib.